QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, eyni vaxtda bir neçə şirkətdə natamam iş rejimində çalışan şəxslərin sığorta stajı ikiqat hesablanmır. Bununla belə, hər iş yerindən onlar üçün ödənilən sosial sığorta haqları gələcək pensiya kapitalının formalaşmasına daxil edilir.
İqtisadçı Razi Abbasbəylinin sözlərinə görə, eyni təqvim aralığında müxtəlif müəssisələrdə əmək müqaviləsi ilə işləmək həmin dövr üzrə əlavə staj qazandırmır. Sığorta stajı yalnız bir dəfə qeydə alınır.
Abbasbəyli bildirib ki, hər iki işəgötürənin işçinin adına ödədiyi məcburi dövlət sosial sığorta haqları isə onun fərdi hesabında toplanan pensiya kapitalına təsir göstərir. Məsələn, şəxs iki şirkətin hər birində ayda 200 manat əməkhaqqı alsa, il ərzində iki illik staj əldə etməyəcək. Hər iki iş yerindən yatırılan sığorta ödənişləri isə gələcək pensiya kapitalının hesablanmasında nəzərə alınacaq.
İqtisadçı-ekspert Günay Hüseynova qeyd edib ki, bir neçə yerdə işləmək əvvəllər də geniş rast gəlinən hal olub. Əsas iş yerindəki qazancın yetərli olmadığı hallarda insanlar əlavə iş axtarıblar. Onun sözlərinə görə, əvvəlki sistemdə digər iş yerlərindən əldə edilən gəlirin gələcək pensiya təminatına təsir etmədiyi vəziyyətlər mövcud idi.
Hüseynova yeni mexanizmdə əsas məsələnin onun tətbiqindən çox, icrasının necə təmin olunması olduğunu vurğulayıb. Bu məqsədlə monitorinq və yoxlamaların lazımi səviyyədə aparılması vacib sayılır.
Ekspertin qənaətinə görə, nəzarətin gücləndirilməsi işçilərin hüquqlarının qorunmasına, büdcə daxilolmalarının artmasına və işəgötürənlərin əmək münasibətlərində sui-istifadəsinin qarşısının alınmasına yardım edə bilər.