QafqazNews Manset.az-a istinadən xəbər verir ki, “Boyunlar” adı ilə tanınan cinayətkar qruplaşmanın rəhbərlərindən Mehmet Recep Demir Azərbaycanda saxlanılıb. Onun barəsində 48 iş üzrə həbs qərarı olduğu bildirilir.

Bir neçə ay öncə Demirin Azərbaycana gizli daxil olması barədə xəbərlər yayılmışdı. Sonradan onun ölkədə silahlı hücum zamanı öldüyü iddia edilsə də, bu məlumatın həqiqətə uyğun olmadığı və təqibdən yayınmaq üçün qəsdən yayıldığı məlum olub.

Demirin Azərbaycanda gizləndiyi Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyat tədbirləri nəticəsində üzə çıxıb. O, həbs edilib və məhkəmə qərarı ilə DTX-nin təcridxanasında saxlanılır.

Türkiyənin hüquq-mühafizə orqanları Avropa və Asiyada şəbəkələşmiş “Boyunlar” cinayət təşkilatı, eləcə də ondan ayrılan “Daltonlar” qrupu ilə bağlı araşdırma aparır.

Məlumatda qeyd olunur ki, Türkiyə Baş Prokurorluğu Demirin ekstradisiyası üçün sorğu hazırlayaraq Azərbaycanın məhkəmə-hüquq orqanlarına göndərib.