QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, “Volkswagen” Polşadakı zavodunun günəş elektrik stansiyasının ərazisinə ot örtüyünə qulluq məqsədilə 100 qoyun gətirib. Bu üsul mexaniki otbiçmə ehtiyacını azaltmağa yönəlib.

Qoyun sürüsü Vjeşnya şəhərindəki zavodun 27 hektarlıq fotovoltaik parkında otlayır. Heyvanlar panellərin altında yetişən otları yeyərək ərazinin təbii şəkildə təmizlənməsinə kömək edir.

Aprelin sonunda sahəyə gətirilən qoyunlar yerli “Böyük Polşa” cinsindəndir. Sürü fermer Yustina Novak-Hayekin nəzarətindədir. Layihə zamanı heyvanların günəş panelləri olan ərazidəki davranışları da öyrənilir.

Zavodun ərazisində 31 mindən artıq günəş paneli quraşdırılıb və onların ümumi gücü 18,3 meqavatdır. Günəşli havada stansiya müəssisənin elektrik enerjisi ehtiyacını tam qarşılaya bilir. İllik göstəricidə isə panellər zavodun tələbatının təxminən dörddəbirini təmin edir.

Şirkət qoyunlardan yararlanmağın ənənəvi ot biçmə ilə müqayisədə nə qədər qənaət verdiyini açıqlamayıb.

2016-cı ilin oktyabrında fəaliyyətə başlayan Vjeşnya müəssisəsi “Volkswagen Crafter” və MAN TGE furqonlarının dünyada istehsal edildiyi yeganə zavoddur. 2026-cı ilin iyun ayına qədər burada 600 mindən çox avtomobil buraxılıb. Müəssisədə 3 mindən artıq əməkdaş çalışır; istehsalda robotlardan, avtonom nəqliyyat sistemlərindən və süni intellekt texnologiyalarından istifadə olunur.