QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, “Qarabağ”ın futbolçusu Aleksey Kaşuk yay transfer dövründə komandadan ayrılmaq variantını nəzərdən keçirib. 26 yaşlı ukraynalı vinger bu barədə ölkəsinin “UkrFootball” nəşrinə müsahibəsində danışıb.
“Polesye” klubunun maraq göstərdiyi vaxt başqa komandada çıxış etməyi düşündüyünü deyən Kaşuk bildirib ki, “Qarabağ”la bu məsələni müzakirə etsə də, tərəflər ortaq qərara gələ bilməyiblər. Onun sözlərinə görə, həmin vaxt karyerasında yeni mərhələyə başlamağa hazır olub.
Futbolçu sonradan vəziyyətin dəyişdiyini vurğulayıb: “Hazırda baş məşqçinin mənə daha çox etimad göstərdiyini hiss edirəm. Mən də meydanda sərgilədiyim oyunla bu güvəni doğrultmağa çalışıram ki, məşqçinin bacarığıma şübhəsi qalmasın. İndiki məqamda “Qarabağ”da özümü xoşbəxt hiss edirəm. Gələcəkdə nələrin olacağını isə yalnız Allah bilir”.