QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, Media və Yayım Şurası Azərbaycan və Ermənistan arasında transsərhəd çayların idarə olunması üzrə işçi qruplarının yaradılması barədə xəbərlərin mövzu ilə əlaqəsi olmayan fotolarla yayımlanmasını manipulyativ vizual təqdimat kimi qiymətləndirib.
Şuranın açıqlamasında bildirilib ki, belə görüntülər oxucularda xəbərin məzmunu, hadisənin baş verdiyi coğrafi məkan və tərəflər arasındakı əməkdaşlığın xarakteri barədə yanlış qənaət yarada bilər.
Məlumatda qeyd olunub ki, eyni fotoların başqa media resurslarında və sosial şəbəkələrdə yenidən paylaşılması yanlış təsəvvürləri daha geniş auditoriyaya çatdırır, həmçinin mövzu ətrafında əsassız müzakirələrə yol aça bilər.
Azərbaycan Respublikası Media və Yayım Şurası media subyektlərini vizual materialların mənbəyini və çəkildiyi yeri dərc etməzdən əvvəl yoxlamağa, istifadə olunan görüntülərin xəbərin məzmununa uyğunluğunu təmin etməyə çağırıb. Şura auditoriyanı yanıltma ehtimalı yaradan təqdimatlardan çəkinməyin vacibliyini vurğulayıb.