QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, 2027-ci ildə uşağın dünyaya gəlməsi ilə bağlı birdəfəlik ödənişin və 3 yaşınadək uşaqlara qulluq üçün verilən aylıq sosial müavinətlərin əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur.
Bu barədə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, deputat Hicran Hüseynova parlamentin üç komitəsinin bu gün keçirilən birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə edilərkən məlumat verib.
Hüseynova sosial müdafiənin gücləndirilməsinin daim diqqətdə saxlanıldığını, iqtisadi çətinliklərin bu istiqamətdə görülən işlərə mane olmadığını bildirib. Onun sözlərinə görə, pensiyaların, sosial müavinətlərin, təqaüdlərin və başqa ödənişlərin məbləği hər il artırılıb.
“Gözlənildiyi kimi, gələn il də dövlət büdcəsi sosial yönümlü olacaq”, – deputat qeyd edib.
Komitə sədri gələn il bəzi birdəfəlik və aylıq sosial ödənişlərin, o cümlədən uşağın doğulmasına görə verilən birdəfəlik müavinətin və 3 yaşınadək uşağa qulluq müavinətinin əsaslı şəkildə artırılmasının planlaşdırıldığını vurğulayıb.
Hüseynova əlavə edib ki, 2027-ci ilin dövlət büdcəsində məişət zorakılığı və insan alveri qurbanlarına, erkən nikaha məruz qalanlara, sağlamlıq imkanları məhdud uşaqlara və onların ailələrinə dəstək üçün vəsait ayrılıb.
Onun sözlərinə görə, bu vəsait həmin şəxslərlə sosial və psixoloji işin, eləcə də sosial-psixoloji dəstəyin təşkilinə və əlaqəli məsələlərin həllinə sərf olunacaq. Deputat başqa təkliflərin də zaman keçdikcə həyata keçiriləcəyinə əmin olduğunu bildirib.