QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə jurnalistlərin sualını cavablandırarkən məlumat verib.
Hacızadənin sözlərinə görə, noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində keçirilən Avropa Siyasi Birliyinin (EPC) sammitində ayrı-ayrı ölkələrin təşəbbüsü ilə üç sənəd irəli sürülüb. Söhbət “Avropa təhlükəsizliyinin əsas prinsipləri haqqında Bəyannamə”, “Miqrasiya haqqında Bəyanat” və “Narkotiklərə qarşı Avropa Koalisiyasının Bəyanatı”ndan gedir. Bir sıra ölkələr həmin sənədlərə qoşulub.
Nazirlik rəsmisi bildirib ki, EPC dövlətlər arasında etimad və əməkdaşlığı təşviq edən qeyri-rəsmi dialoq platformasıdır. Azərbaycanın bu formatda iştirakı ümumi maraq kəsb edən mövzuları müzakirə etmək, ortaq çağırışlarla bağlı mövqeləri nəzərdən keçirmək və iştirakçı ölkələrlə əməkdaşlığı genişləndirmək məqsədi daşıyır.
Hacızadə qeyd edib ki, əlavə hüquqi və siyasi öhdəliklər yaradan bu sənədlərə Azərbaycan tərəfi qoşulmayıb.