QafqazNews Manset.az-a istinadən xəbər verir ki, NASA-nın Curiosity aparatı Marsda adi bir daşı parçaladıqdan sonra saf kükürd kristalları aşkarlayıb.
Aparat Qeyl kraterindəki Gediz Vallis kanalı ilə hərəkət edərkən daşın üstündən keçib. Daşın altından solğun sarı rəngli material üzə çıxıb və sonrakı araşdırmalar bunun saf elementar kükürd olduğunu göstərib. Marsda sulfat birləşmələri geniş yayılsa da, saf kükürd ilk dəfə qeydə alınıb.
NASA-nın Reaktiv Hərəkət Laboratoriyasında Curiosity layihəsi üzrə çalışan alim Aşvin Vasavada, saf kükürddən ibarət daşların toplandığı ərazinin tapılmasını səhranın ortasında vahə aşkar etməyə bənzədib. Kəşfdən sonra ətraf sahənin də eyni tərkibli daşlarla zəngin olduğu müəyyənləşib.
Science jurnalında yayımlanan araşdırmada Vaşinqton Universitetinin planetoloqu Skott VanBommelin rəhbərlik etdiyi qrup kükürd yatağının təxminən 2100 kvadratmetr sahəni əhatə etdiyini hesablayıb.
Tədqiqatçıların ehtimalına görə, kükürd qədim vulkanik proseslər zamanı ayrılan qazlardan yaranıb. Qazlar soyuyaraq Mars səthinin altında toplanmış, daha sonra eroziya təzyiqi azaltdıqda üzə çıxaraq saf kükürd yataqlarını əmələ gətirmiş ola bilər.