QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin saat 09:00-a olan faktiki hava məlumatına əsasən, ölkədə yağıntılı və küləkli hava hökm sürüb, bəzi yerlərdə intensiv leysan qeydə alınıb.

Gədəbəy, Kəlbəcər, Daşkəsən, Xızı, Şahdağ, Xınalıq, Qrız, Xaltan, Qusar və Şahbuzun Biçənək və Kükü kəndlərinə qar yağıb. Qarın qalınlığı Xınalıq və Qrızda 15, Qusarda 8, Xaltanda 6, Şahdağda 2, Xızıda isə 1 santimetr olub.

Yağıntının miqdarı Bakıda 6, Maştağada 5, Binə, Ələt və Sumqayıtda 3 millimetr təşkil edib. Rayonlarda ən çox yağıntı Astarada qeydə alınıb — 39 millimetr. Şamaxıda 24, Qubada 19, Lənkəran, Ağdam və Beyləqanda 18, Zərdab və Altıağacda 17, Qobustan, Kürdəmir və Qaxın Sarıbaş kəndində 16, Saatlıda 15 millimetr yağıntı düşüb.

Sabirabad və Gədəbəydə 14, Göyçayda 13, Qəbələ və Tovuzda 12, İmişli və Tərtərdə 11, Bərdə və İsmayıllıda 10, Göygöldə 9 millimetr yağıntı qeydə alınıb. Şabran, Sədərək, Gəncə və Şahbuzda 8, Ağstafa, Şəmkir və Naxçıvanda 7, Naftalan, Cəlilabad, Lerik və Yardımlıda 6 millimetr olub. Kişçay (Şəki), Biləsuvar, Şərur, Mingəçevir, Yevlax, Xaçmaz, Zaqatala, Daşkəsən, Balakən, Ordubad, Şirvan, Goranboy, Oğuz, Ağsu, Culfa, Neftçala və Cəbrayılda yağıntı 1–5 millimetr arasında dəyişib.

Noyabrın 5-də bəzi ərazilərdə şimal-qərb küləyi əsib. Küləyin sürəti Bakıda və Abşeron yarımadasında saniyədə 25, Neftçala və Şahdağda 20, Mingəçevirdə 18, Şəmkirdə isə 16 metrə qədər yüksəlib.

Daşkəsən, Xınalıq, Şamaxı, Şahbuz, Altıağac, Qrız, Qusar, Göygöl, Göyçay, Sabirabad, İmişli və Lerikdə duman müşahidə olunub. Görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.