QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, sinus taxikardiyası aşkarlanan şəxslərin hərbi xidmətə yararlı sayılması ürək-damar sisteminin işləmə vəziyyəti və pozuntunun ağırlıq dərəcəsi ilə müəyyən olunur. Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti açıqlama yayıb.
Qurumun məlumatında bildirilib ki, çağırışçıların qan dövranı sistemi xəstəlikləri ilə bağlı tibbi şəhadətləndirilməsi Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiqlənən “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə əsasən aparılır. Qiymətləndirmədə həmin sənədin “Xəstəliklər cədvəli”ndəki 39–42 və 44-cü maddələrin I qrafasının tələbləri, eləcə də funksional pozuntunun dərəcəsi nəzərə alınır.
Çağırışçılar qeydiyyatda olduqları Dövlət Xidmətinin rayon və ya şəhər üzrə baş idarə, idarə, şöbə və bölmələrində fəaliyyət göstərən hərbi-həkim komissiyasında müayinədən keçirilirlər.
Ehtiyac olduqda şəxslər dövlət tibb müəssisələrində əlavə müayinələrə göndərilir. Hərbi xidmətə yararlılıq barədə yekun qərar müvafiq Əsasnamənin şərtlərinə uyğun verilir.