QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, SOCAR ABŞ-də təbii qazın hasilatı və nəqli ilə bağlı bir sıra aktivlərə ortaq olur.
SOCAR-ın məlumatına görə, şirkətlə ABŞ-nin “Comstock Resources” şirkəti 2026-cı il noyabrın 4-də Haynesville hövzəsindəki layihələrdə iştirak paylarının alınması barədə yekun alqı-satqı müqaviləsi imzalayıb.
Razılaşmaya əsasən, SOCAR “Legacy Haynesville” layihəsinin kəşfiyyat və hasilat aktivlərinin 20 faizinə, “Western Haynesville” layihəsinin müvafiq aktivlərinin isə 15 faizinə sahib olacaq. Bundan əlavə, “Comstock”a məxsus “Pinnacle Gas Services LLC” şirkətindəki 73 faizlik iştirak payının 15 faizi SOCAR-a keçəcək.
Alış qiymətinə standart düzəlişlər daxil olmaqla, əməliyyatın ümumi məbləği 1,65 milyard ABŞ dollarıdır.
“Western Haynesville”də SOCAR-ın payı müəyyən şərtlərlə sonradan 15 faizdən 7,5 faizə düşəcək. Bu dəyişiklik beş il keçdikdən və SOCAR-ın həmin aktivlərə qoyduğu sərmayədən 15 faiz gəlir götürməsindən sonra baş verəcək.
SOCAR-ın əldə etdiyi iştirak payları layihələrin əməliyyat idarəçiliyində səlahiyyət vermir. Gündəlik fəaliyyət, hasilat və texniki məsələlərlə bağlı qərarlar “Comstock”un nəzarətində qalacaq.
Haynesville ABŞ-nin iri şist qazı hövzələrindən sayılır və əsasən Luiziana ilə Texas ərazilərini əhatə edir. Ölkənin təbii qaz hasilatında mühüm yeri olan bu bölgədə “Comstock Resources” kəşfiyyat və hasilat fəaliyyəti aparır.
“Legacy Haynesville” şirkətin artıq qaz çıxardığı və gəlir əldə etdiyi aktivləri birləşdirir. “Western Haynesville” isə inkişaf üçün daha geniş imkanları olan layihə kimi təqdim olunur. “Pinnacle Gas Services LLC” qazı hasil etmir; onun fəaliyyəti çıxarılan qazın toplanması və daşınması üçün infrastruktur xidmətlərini əhatə edir. Beləliklə, SOCAR həm hasilat, həm də qazın bazara çatdırılması zəncirində iştirak edəcək.
Müqavilə “Comstock Resources” üçün də maliyyə baxımından əhəmiyyət daşıyır. Şirkətin borc yükü və yeni sərmayə ehtiyacı nəzərə alınarsa, aktivlərin bir hissəsinin satışı ona əlavə vəsait əldə etmək, eləcə də öhdəliklərini azaltmaq imkanı verə bilər.
Açıq maliyyə göstəricilərinə əsaslanan hesablamalarda “Comstock”un 2026-cı ilin ikinci rübünün sonundakı uzunmüddətli borcu təxminən 3,1 milyard dollar, nağd vəsaiti isə 45 milyon dollar göstərilir. Həmin il üçün nəzərdə tutulan kapital xərcləri 1,45–1,55 milyard dollar aralığındadır. SOCAR-la saziş şirkətin aktivlərinin müəyyən hissəsini sataraq maliyyə vəziyyətini yaxşılaşdırmaq planının mühüm mərhələsi kimi qiymətləndirilir.
Tərəflər Haynesville hövzəsində hasil olunan qazın LNG-yə çevrilərək xarici bazarlara çıxarılması imkanlarını da birgə araşdırmaq niyyətindədirlər.
ABŞ qaz bazarında iştirak SOCAR-ın beynəlxalq fəaliyyətini genişləndirə, gəlir mənbələrini şaxələndirə və LNG ticarəti üçün yeni imkanlar aça bilər. Layihələr şirkətə ABŞ şist qazı sahəsində istifadə olunan texnologiya və təcrübə ilə yaxından tanış olmaq imkanı da verə bilər.
İnvestisiyanın gəlirliliyi ABŞ-də təbii qazın qiymətlərindən asılı olacaq. Qiymətlərin aşağı qalması gözlənilən gəlirin əldə olunmasını gecikdirə bilər. Layihələrin idarə edilməsində səlahiyyətin “Comstock”da qalması isə SOCAR-ın hasilat və sərmayə qərarlarına birbaşa təsirini məhdudlaşdırır.
“Comstock Resources”un nəzarətedici səhmdarı Cerri Counz milyarder, “Dallas Cowboys” klubunun sahibi və şirkətin əsas səhmdarıdır. O, 2018-ci ildə şirkətin nəzarət paketini əldə edib. Həmin dövrdə səhmdarlarla imzalanan razılaşma çərçivəsində ailəsinə bağlı şirkətlər yeni buraxılan səhmləri alaraq nəzarət payına yiyələniblər. 2019-cu ildə Counzun şirkətdəki iştirak payı 75 faiz göstərilib.
Counz uzun müddətdir Respublikaçılar Partiyasına dəstək verən və ABŞ-də siyasi fəaliyyətlərə maliyyə ayıran iş adamı kimi tanınır. 2017-ci ildə Donald Trampın ilk andiçmə mərasiminin təşkili üçün yaradılan komitəyə onun rəhbərlik etdiyi “Glenstone” şirkətlər qrupu vasitəsilə 1 milyon dollar ianə verilib. ABŞ mediasının yazdığına görə, məbləğ Counzun öz adı ilə deyil, onunla əlaqəli “Glenstone Limited Partnership” adından rəsmiləşdirilib.
Counzun 2025-ci ildə Trampın ikinci prezidentlik andiçməsi ilə bağlı tədbirə də ianə etdiyi təsdiqlənib. “Dallas Cowboys”un nümayəndəsi bunu “Front Office Sports” nəşrinə bildirib, lakin ianənin həcmi açıqlanmayıb.
ABŞ mediasının Federal Seçki Komissiyasının məlumatları əsasında yaydığı xəbərlərə əsasən, Counz 2026-cı ildə aralıq seçkiləri öncəsi Trampa bağlı “MAGA Inc.” siyasi fəaliyyət komitəsinə 1 milyon dollar, Texasdakı respublikaçı namizədlər və siyasi qurumlara isə təxminən 500 min dollar ayırıb.
Counzun adı Trampla bağlı başqa bir hadisədə də çəkilib. “NOTUS”un 2026-cı ilin martında yaydığı məlumata görə, Ağ Evin miqrasiya məsələləri üzrə müşavirinin müavini Cakilin Klopp “Comstock”un səhmlərini alıb.