QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Azərbaycanda son 15 ildə ümumi təhsil müəssisələrində oxuyanların sayı 350 min nəfərdən çox artıb, əsas heyətdə çalışan müəllimlərin sayı isə təxminən 29 min nəfər azalıb.

2010/2011-ci tədris ilinin əvvəlində ümumi təhsil müəssisələrində 1 milyon 324 min 564 nəfər təhsil alırdı. 2025/2026-cı tədris ilinin başlanğıcında bu rəqəm 1 milyon 674 min 636 nəfərə yüksəlib. Artım 350 min 72 nəfər və ya 26,4 faiz olub.

Eyni müddətdə əsas heyətdəki müəllimlərin sayı 172 min 579 nəfərdən 143 min 727 nəfərə enib. Bu, 28 min 852 nəfər və ya 16,7 faiz azalma deməkdir. Bir müəllimə düşən təhsilalanların sayı isə 7,7-dən 11,7-yə çatıb.

Dövlət ümumi təhsil müəssisələrində şagird sayı 15 il ərzində 330 min 638 nəfər artaraq 1 milyon 648 min 761 nəfər olub. Həmin müəssisələrdə əsas heyətdə çalışan pedaqoqların sayı isə 31 min 537 nəfər azalaraq 139 min 898-ə düşüb.

Qeyri-dövlət ümumi təhsil müəssisələrində həm təhsilalanların, həm də müəllimlərin sayı çoxalıb. Şagirdlərin sayı 6 min 441 nəfərdən 25 min 875 nəfərə, əsas heyətdəki təhsilverənlərin sayı isə 1 144 nəfərdən 3 829 nəfərə yüksəlib.

Qadın müəllimlərin sayı 127 min 479 nəfərdən 118 min 816 nəfərə azalıb. Bununla belə, onların əsas heyətdəki payı 73,9 faizdən 82,7 faizə qalxıb.

Son bir tədris ilində isə həm təhsilalanların, həm də müəllimlərin sayı geriləyib. 2024/2025-ci tədris ilinin əvvəli ilə müqayisədə şagirdlərin sayı 20 min 460 nəfər, əsas heyətdə çalışan müəllimlərin sayı 2 min 654 nəfər azalıb. Ümumi təhsil müəssisələrinin sayı da 4 357-dən 4 195-ə enib.