QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsindən çıxarılıb. Başqa bir sərəncamla o, Bakı Dövlət Universitetinin rektoru təyin olunub.
Keçmiş deputat Etibar Əliyev bir müddət əvvəl DİM-ə yeni rəhbər təyin ediləcəyi barədə danışarkən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin hazırkı rektoru Rüfət Əzizovun bu posta gətiriləcəyini bildirmişdi.
46 yaşlı Əzizov 2023-2025-ci illərdə Sumqayıt Dövlət Universitetinə rəhbərlik edib. Bundan əvvəl, 2021–2023-cü illərdə Təhsil İnstitutunun direktoru vəzifəsində çalışıb.
DİM sədri olacağı ilə bağlı iddiaları şərh edən Rüfət Əzizov məsələ barədə məlumatının olmadığını deyib. O, əvvəl Təhsil İnstitutunun direktoru, sonra Sumqayıt Dövlət Universitetinin rektoru olduğunu, hazırda isə ADNSU-ya rəhbərlik etdiyini söyləyib və etimad göstərildiyi vəzifədə doğrulmağa çalışdıqlarını qeyd edib.
Əzizovun sözlərinə görə, DİM sədri təyin olunacağı barədə iddianı mediadan oxuyub və bununla bağlı başqa məlumatı yoxdur. O, mərkəzi ölkədə şəffaf və yüksək səviyyədə fəaliyyət göstərən qurumlardan biri kimi xarakterizə edib. Əzizov ADNSU ilə DİM arasında sıx əməkdaşlıq olduğunu, yaranan problemlərə operativ reaksiya verildiyini və həll yollarının tapıldığını bildirib.
1992-ci ildə yaradılan Dövlət İmtahan Mərkəzi əvvəl Tələbə Qəbulu üzrə Dövlət Komissiyası adlanıb. Qurumun rəhbərləri Vurğun Əyyub (1992-1993), Kamran İmanov (1993-1995), Faiq Nağıyev (1995-1996) və Məleykə Abbaszadə (2000-2026) olub.