QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, qədim yunanların yayı bayramlar, dini mərasimlər, dənizdə çimmək, idman yarışları və ziyafətlərlə keçirdi. İsti günlərdə günəşdən və dənizin sərinliyindən zövq almaq onların həyat tərzinin bir parçası idi. Arxeoloq Peqqi Riqqanın araşdırmaları bu mövsümün adət-ənənələrinin müxtəlifliyini üzə çıxarır.
Apollonun şərəfinə keçirilən mərasimlər qədim yunanların yay bayramları sırasında mühüm yer tuturdu. Tanrılara qurban өргətildikdən sonra xalq şənliklərə qatılırdı. Ən böyük mərasimlərdən biri hekatomba idi: tanrılara yüz baş mal-qara, başlıca olaraq öküzlər qurban verilirdi. Daha sonra ət iştirakçılar arasında paylanır, ziyafətlər təşkil olunurdu.
Afinada isə yay aylarında şəhərin himayədar ilahəsi Afinaya həsr olunmuş Panafineya bayramı qeyd edilirdi. Proqramda dini ayinlərlə yanaşı yürüşlər, idman yarışları və əyləncələr də yer alırdı.
Dənizdə çimmək və üzmək də yunanların yay istirahətinin mühüm hissəsi idi. Üzgüçülük vacib bacarıq sayılırdı; qədim mənbələrdə bu bacarığa və oxumağa yiyələnməyənlərin savadsız, mədəniyyətdən uzaq hesab edildiyi fikirləri var.
Tarixçi Herodotun Salamis döyüşünə dair qeydləri üzməyin əhəmiyyətini göstərir. Onun yazdığına görə, gəmiləri məhv edilən yunanların çoxu sahilə üzərək çatmış, üzə bilməyən düşmən əsgərləri isə suda boğulmuşdu.
Qədim yunanların istirahət və idman məkanlarında kolimvitri adlanan hovuzlar da tikilirdi. Onlar gimnaziyaların ərazisində yerləşirdi. Arxeoloqlar qədim Olimpiyada e.ə. V əsrə aid hovuz aşkarlayıblar. Tikilinin uzunluğu 24, eni 16 metr, dərinliyi isə təxminən 1,6 metr olub. Bənzər hovuz Cənubi İtaliyadakı qədim Posidoniya şəhərində də tapılıb.
Çimərlik və üzgüçülük ənənələrinin maraqlı tərəflərindən biri geyim olub. Freskalar və digər arxeoloji təsvirlər qədim insanların çox vaxt çılpaq üzdüyünü, bəzi hallarda isə yüngül geyimlərdən yararlandığını göstərir.
Müasir bikinini xatırladan iki hissəli geyim qədim Roma dövrünə aid mozaikalarda əks olunub. Siciliyadakı Villa Romana del Casale-də yerləşən, eramızın IV əsrinin əvvəllərinə aid mozaikada on qadın idmançı təsvir edilir. Onlar ağırlıq qaldırır, disk atır və topla oyun oynayırlar.
Qadınların geyimi aşağı bədəni örtən hissədən və döşləri sarımaq üçün işlədilən strofion və ya apodesmos adlı parçadan ibarət idi. Bu təsvirlər iki hissəli idman geyiminin qədim nümunələrinin təxminən 1700 il əvvələ aid olduğunu göstərir.
Qədim yunan sənətində yay bəzən sünbül dəstəsi və oraq tutmuş qadın obrazı ilə ifadə olunurdu. Bu fiqur məhsuldarlıq, bolluq və torpağın bərəkətini simvolizə edirdi. Delfidə aşkarlanmış erkən Bizans dövrünə aid villanın mozaikalarında da yayın nemətləri — meyvələr, üzüm, əncir, taxıl sünbülləri, balıq, molyusklar və xərçəngkimilər təsvir edilib.
Qədim yunan və Roma dünyasının freskalarında, vazalarında və mozaikalarında şərab qabları, meyvələrlə dolu süfrələr və ziyafətlərə aid səhnələrə tez-tez rast gəlinir. Bu əsərlər yayın təbiətin nemətlərindən faydalanmaq, dostlarla görüşmək, üzmək və idmanla məşğul olmaq üçün bir mövsüm kimi qəbul edildiyini göstərir.