QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, İtaliyanın tanınmış zərgəri Paolo Bulqari 89 yaşında vəfat edib. O, “Bulgari”nin dünyanın aparıcı zərgərlik markalarından birinə çevrilməsində mühüm rol oynayıb. Dəfn mərasimi noyabrın 23-də Romada keçiriləcək.
“Bulgari”nin tarixi 1894-cü ildə, Paolonun babası, Yunanıstandan köçmüş Sotirio Bulqarinin İtaliyanın paytaxtında ilk zərgərlik mağazasını açması ilə başlayıb. Sonrakı nəsillər ailə biznesini beynəlxalq səviyyəyə yüksəldiblər. Ailə Paolonu “dövrümüzün böyük zərgəri” adlandırıb.
Marka xüsusilə 1960-1970-ci illərdə tanınıb. Həmin dövrdə onun zinət əşyaları kino ulduzları arasında populyarlıq qazanıb.
“Bulgari” 2011-ci ildə Fransanın “LVMH” holdinqinə qoşulanadək ailə şirkəti kimi fəaliyyət göstərib. Brend Roma ilə əlaqələrini isə qoruyub saxlayır. Bu yaxınlarda İmperator Avqust meydanında “Bulgari” adı ilə hotel açılıb, şirkət həmçinin meydandakı qədim Avqust mavzoleyinin bərpasına vəsait ayırıb.