QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, İqtisadi Şurada sahibkarların qarşılaşdıqları çətinlikləri araşdırmaq və onların həlli yollarını müəyyənləşdirmək üçün xüsusi altqrup fəaliyyətə başlayıb.

Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında danışıb. Vergi Məcəlləsinə və bir sıra qanunlara təklif edilən dəyişikliklərin müzakirəsi zamanı o, altqrupun işi barədə məlumat verib.

Nəzərlinin sözlərinə görə, altqrup müxtəlif sahələrdən olan sahibkarlar və biznes assosiasiyaları ilə sıx əməkdaşlıq edib. Onlarla çoxsaylı görüşlər keçirilib, fəaliyyət zamanı üzə çıxan problemlər və irəli sürülən təkliflər təhlil olunub.

O bildirib ki, müzakirələrdən əldə olunan nəticələr cari ilin büdcə-vergi siyasətində nəzərə alınıb. Layihədə dəyişiklik nəzərdə tutulan 67 istiqamətin 21-i sahibkarlıq subyektlərinin təqdim etdiyi və məqsədəuyğun sayılan təkliflər əsasında hazırlanıb.

Nəzərli qeyd edib ki, bu yanaşma biznes ictimaiyyətinin vergi siyasətinin hazırlanmasında iştirakını təmin etməyə, sahibkarların real ehtiyaclarını nəzərə almağa və dövlətlə biznes arasındakı dialoqu konkret nəticələrə yönəltməyə xidmət edir.