QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Azərbaycanda gələn ildən taksi sürücülərinin gəlirlərinə uyğun vergi modelinin tətbiqi planlaşdırılır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarə rəisi Nicat İmanov bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında açıqlayıb. Onun sözlərinə görə, taksi xidmətləri üzrə vergi inzibatçılığı yenidən təşkil ediləcək.

Nicat İmanov bildirib ki, hazırda sürücülər fərqlənmə nişanı alarkən gəlirlərindən asılı olmayaraq sabit 18 manat vergi ödəyirlər. Təklif olunan yeni qaydada isə vergi qazanca əsasən hesablanacaq və operatorlar ödənişi mənbədə tutacaqlar. Bu mexanizmin taksi fəaliyyəti ilə məşğul olan şəxslərin inzibati yükünü azaltması gözlənilir. Büdcəyə ödəniləcək vergi gəlirin 1 faizi olacaq.

İmanovun qeyd etdiyi kimi, dövriyyəsi az olan sürücü daha az, dövriyyəsi yüksək olan isə həmin 1 faizlik dərəcə əsasında daha çox vergi verəcək. Ümumi hesablamalarda orta vergi məbləğinin təxminən 18 manat qalacağı bildirilir, lakin bəzi sürücülər bu məbləğdən az ödəyəcək. Onun fikrincə, dəyişiklik aşağı gəlirli taksi sürücülərinin vergi yükünü yüngülləşdirəcək.