QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, şirinləşdirilmiş mineral və qazlı içkilər, eləcə də çipsilər aksizli məhsullar siyahısına əlavə ediləcək. Bu barədə Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında məlumat verib.
İmanov bildirib ki, bu məhsullara aksiz tətbiqi müxtəlif ölkələrdə geniş yayılan yanaşmaya uyğundur. Onun sözlərinə görə, həmin məhsullar zərərli məhsullar qrupuna aid edilsə də, əsas məqsəd bu deyil: beynəlxalq təcrübədə istifadə olunan vergi siyasətini onlara da şamil etməkdir.
Vergi Məcəlləsinə təklif olunan dəyişiklik qəbul edilərsə, şirinləşdirilmiş mineral və qazlı içkilər həm aksizli mallar, həm də aksiz markası ilə markalanmalı məhsullar siyahısına salınacaq. Yerli istehsal olunan içkilərin hər litrinə 0,10 manat aksiz vergisi nəzərdə tutulur.
Çipsilərin hər kiloqramına isə 1 manat aksiz vergisi tətbiq edilməsi təklif olunur.