QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının institusional akkreditasiya qiymətləndirməsindən keçmədiyi barədə məlumatlar yayılıb. İddialarda 2025–2026-cı tədris ili üzrə qiymətləndirilən ali məktəblər sırasında Akademiyanın da olduğu və nəticəsinin mənfi çıxdığı bildirilib.
Elm və Təhsil Nazirliyinin “Azərbaycan müəllimi”nə açıqlamasında qeyd olunub ki, ali təhsil müəssisələrinin akkreditasiyası müəyyən edilmiş qrafiklə aparılır. Qiymətləndirmələrin yekunları Akkreditasiya Şurasının iclasında müzakirə edilir və müvafiq qərar həmin iclasda qəbul olunur.
Nazirliyin məlumatına əsasən, Şuranın qərarları barədə ictimaiyyətə rəsmi açıqlama verilir. Buna görə də Akademiyanın akkreditasiya qiymətləndirilməsinin nəticələrinə dair yayılan məlumatları rəsmi qərar kimi təqdim etmək düzgün hesab edilmir. Nazirlik məsələyə dair məlumat alarkən yalnız səlahiyyətli qurumların rəsmi açıqlamalarına əsaslanmağı tövsiyə edib.