QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, kənd rayonlarındakı ümumtəhsil məktəblərinə cəlb olunacaq 12 600-dən çox gənc mütəxəssisin müəyyən xərclərinin birdəfəlik kompensasiyası üçün 20 milyon 900 min manat ayrılması nəzərdə tutulub. Bu məbləğ yol, əmlakın daşınması, kommunal xidmətlər və yaşayış yerinin kirayəsi ilə bağlı ödənişləri əhatə edir.

Milli Məclisin deputatı Anar İsgəndərov bildirib ki, gənc mütəxəssisləri kəndlərdə çalışmağa yönəltmək üçün maarifləndirmə tədbirləri yetərli deyil, onları həvəsləndirən güzəştlər də vacibdir.

Deputatın sözlərinə görə, 2026–2027-ci tədris ilində fəaliyyətə başlayan Türkiyə–Azərbaycan Universitetində mühəndislik və tibb ixtisasları üzrə ümumilikdə 300 tələbə oxuyacaq. Universitetin gələn il fəaliyyətini təmin etmək üçün 6 milyon manat, Qarabağ Universitetinin 2027-ci ildə fəaliyyətinin təmin olunması üçün isə 51 milyon manat vəsait nəzərdə tutulub.

İsgəndərov qeyd edib ki, təhsil cəmiyyətin bütün üzvlərinə aid sahədir və onunla bağlı yeniliklər hər ailəyə təsir edir. O, dağlıq rayonlarda şagird sayının hər il azalmasına diqqət çəkərək, bu məsələnin həlli üçün əsaslı qərarlara ehtiyac olduğunu vurğulayıb.

Deputat Təhsil Tələbə Krediti Fondunun ehtiyacı olan tələbələrin kredit imkanlarından yararlanmasını asanlaşdırmaq üçün dəyişikliklər etməli olduğunu da deyib. O, pedaqoji təhsilli gənclərin kənd rayonlarına göndərilməsinə mane olan səbəblərin aradan qaldırılmasını, müəllim sertifikasiyası prosesində şəffaflığın artırılmasını vacib sayıb.

İsgəndərovun sözlərinə görə, məktəblərin tikintisi və təmiri davam etsə də, bu istiqamətə ayrılan büdcə vəsaitinin artırılmasına ehtiyac var.