QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Gürcüstanın paytaxtı Tbilisidə “Study in Azerbaijan” adlı təhsil sərgisi təşkil olunur. Tədbirdə Azərbaycan ali məktəbləri təqdim edilir.
Noyabrın 17-də baş tutan sərgi “Study in Azerbaijan” layihəsinin təşkilatçılığı ilə, Azərbaycanın Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və ölkəmizin Gürcüstandakı səfirliyinin dəstəyi əsasında keçirilir.
Sərgidə bir neçə Azərbaycan universiteti təmsil olunur. Ziyarətçilər həmin ali məktəblərin tədris proqramları, ixtisasları, qəbul qaydaları, təhsil haqları və təqaüd imkanları ilə tanış ola bilirlər.
İştirakçılara universitetlərin nümayəndələri ilə üzbəüz söhbət etmək və suallarına cavab almaq imkanı da yaradılıb.
Tədbirin məqsədi Azərbaycanın ali təhsil imkanlarını Gürcüstanda tanıtmaq, eləcə də gənclərin ölkəmizdə təhsil almağa marağını artırmaqdır.