QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, deputat Göydəniz Qəhrəmanov turizm ixtisasları üzrə ali təhsilin dörd ildən üç ilə endirilməsini təklif edib. O, bu fikri parlamentdə “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə olunarkən səsləndirib.

Deputat qeyd edib ki, Yasamal rayonu həm əhalinin sıxlığına, həm də tələbə axınına görə paytaxtın ən fəal əraziləri sırasındadır. Ali məktəblərin böyük hissəsinin “Elmlər Akademiyası” metro stansiyasının yaxınlığında yerləşməsi dərs vaxtı sərnişin sıxlığını artırır.

Qəhrəmanov həmin ərazidə avtobus marşrutlarının sayının artırılması və ictimai nəqliyyat şəbəkəsinin genişləndirilməsi üçün tədbirlər görülməsinə ehtiyac olduğunu bildirib.

O, həmçinin ölkədə turizm sektorunun sürətlə böyüdüyünü, turist sayının ildən-ilə artmasının ixtisaslı mütəxəssislərə tələbatı yüksəltdiyini vurğulayıb. Deputat turizm üzrə ali təhsil müəssisələrində təhsil müddətinin dörd ildən üç ilə salınmasını təklif edib.

Onun sözlərinə görə, bu dəyişiklik gənclərin əmək bazarına daha erkən qoşulmasına, xidmət sektorunun isə ixtisaslı kadrlarla daha operativ təmin edilməsinə şərait yarada bilər.