QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Milli Məclisin deputatı Hikmət Babaoğlu 2027-ci il dövlət büdcəsi layihəsinin parlamentdə müzakirəsi zamanı rus bölməsində təhsil alanların sayını və təhsillərinin dövlət vəsaiti ilə maliyyələşdirilməsini gündəmə gətirib.

Babaoğlunun sözlərinə görə, hazırda ölkədə rus bölməsində 157 min, Azərbaycan bölməsində isə 1 milyon 570 min şagird oxuyur. Hər şagird üçün dövlət büdcəsindən illik 2 min manat ayrılır. Deputat bildirib ki, Azərbaycanda ingilis, çin və fransız dillərində dövlət hesabına təhsil verən məktəblər, demək olar, yoxdur. Bu fonda rus dilinin hansı xüsusi və müstəsna status daşıdığı sual doğurur. O, rus bölməsində təhsil alanların ümumi şagird sayındakı payının 9,3 faiz olduğunu vurğulayaraq məsələyə yenidən baxılmasının vacibliyini qeyd edib.

Rus bölməsində təhsilin ödənişli təşkil olunmasının mümkünlüyü və bu addımın cəmiyyətdə necə qarşılanacağı ilə bağlı təhsil eksperti Məzahir Məmmədli danışıb. O bildirib ki, mövzu hazırda Azərbaycanda ən çox müzakirə edilən məsələlərdəndir.

Məmmədlinin qeyd etdiyinə görə, özəl liseylərdə ingilis, alman, fransız, rus və başqa dillərdə dərslər keçirilir. Həmçinin Azərbaycan məktəblərində rus bölmələri, eləcə də tədrisin tamamilə rus dilində aparıldığı təxminən 14-15 məktəb var. Bu müəssisələrdə istifadə edilən dərs vəsaitləri dövlət hesabına pulsuz paylanır. Təxminən 16 fənn üzrə dərsliklər şagirdlərə ödənişsiz verilir.

Ekspert oxşar təcrübənin Gürcüstanda da olduğunu deyib. Azərbaycanlıların sıx yaşadığı ərazilərdə Azərbaycan dilində təhsil verən məktəblər fəaliyyət göstərir, ancaq Gürcüstan hökuməti həmin müəssisələr üçün dərslik çap etmir. Vəsaitlər Azərbaycan hökumətinin büdcəsi hesabına hazırlanaraq məktəblərə çatdırılır.

Məmmədli hesab edir ki, Babaoğlunun fikirlərində müəyyən məntiq var. Onun sözlərinə görə, Azərbaycanda başqa dillərdə tədris aparılan məktəb və bölmələr mövcuddursa, həmin dillərin aid olduğu dövlətlər maliyyələşməyə töhfə verməli və ya dərs vəsaitlərini çap edib göndərməlidirlər.

Ekspert əlavə edib ki, belə dəstək göstərilmədiyi halda rus dilinə digər dillərlə eyni yanaşılmalıdır. Bu zaman rus bölmələrində təhsil ödənişli ola bilər, yaxud Konstitusiyada nəzərdə tutulan pulsuz təhsil təminatı Azərbaycan dilində tədris aparılan məktəblərə yönəldilə bilər. Başqa dildə oxumaq istəyənlər isə özəl liseylərə müraciət edə bilərlər.