QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Dövlət Qulluğu Məcəlləsinin tətbiqi ilə bağlı fərman imzalayıb. Sənəd 2026-cı il oktyabrın 16-da qəbul edilmiş 490-VIIQ nömrəli qanunun icrasını və bu sahədəki məsələlərin tənzimlənməsini nəzərdə tutur.

Fərmanda Məcəllədə göstərilən səlahiyyətlərin hansı dövlət qurumları tərəfindən həyata keçiriləcəyi müəyyənləşdirilib. Müvafiq icra hakimiyyəti orqanına aid bir sıra səlahiyyətlər Prezidentə, Nazirlər Kabinetinə, Dövlət İmtahan Mərkəzinə, nazirliklərə və digər qurumlara həvalə olunub. Sənəddə yerli icra hakimiyyəti orqanlarının, Bakı Şəhər İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının rolu da göstərilib.

Nazirlər Kabinetinə qanunvericilik aktlarının yeni Məcəlləyə uyğunlaşdırılması ilə bağlı təklifləri altı ay ərzində Prezidentə təqdim etmək tapşırılıb. Həmçinin beş ay müddətində inzibati və yardımçı vəzifələrin təsnifat toplusu, dövlət qulluqçularına verilən vəsiqənin nümunəsi, müsahibələrin keçirilməsi və xidməti yoxlamaların aparılması qaydaları hazırlanmalıdır. Müvafiq informasiya sistemlərinin dörd ay ərzində müəyyənləşdirilməsi də hökumətə tapşırılıb.

Nazirlər Kabineti beş ay ərzində dövlət qulluğuna qəbul üçün tibbi müayinə, test imtahanı, müsahibə komissiyalarında iştirak edən müstəqil ekspertlərin əməyinin ödənilməsi, stajorluq təlimləri və dövlət qulluqçularının əlavə təhsili ilə bağlı qaydaları təsdiqləyəcək. Qurum görülən işlər barədə Prezidentə məlumat verməlidir.

Tarif (qiymət) Şurasına test imtahanında və müsabiqənin müsahibə mərhələsində iştirak üçün ödənişlərin məbləğini üç ay ərzində müəyyənləşdirmək tapşırılıb. Milli Məclisə, Konstitusiya Məhkəməsinə və Ali Məhkəməyə isə qanundan irəli gələn məsələlərin həlli tövsiyə olunub. Dövlət İmtahan Mərkəzi də bununla bağlı zəruri tədbirlər görməlidir.

Fərmanla “Dövlət qulluğu haqqında” qanunun tətbiqinə dair 2000-ci il 29 dekabr tarixli fərman, dövlət qulluqçularının vəzifə maaşlarına yerli əmsallara dair 2002-ci il 5 iyul tarixli fərman, təhlükəli və xüsusilə ağır qulluq şəraitinə görə əlavə əmsalları nəzərdə tutan 2004-cü il 12 fevral tarixli fərman, eləcə də etik davranış qaydalarının tətbiqi ilə bağlı 2007-ci il 16 avqust tarixli fərman qüvvədən düşüb.