QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti Bakıda, Abşeron yarımadasında və bəzi bölgələrdə küləkli hava ilə əlaqədar sarı və narıncı xəbərdarlıqlar elan edib. Baş Dövlət Yol Polisi İdarəsi yaranan təhlükələrin qarşısının alınması məqsədilə hərəkət iştirakçılarını diqqətli olmağa və qaydalara əməl etməyə çağırıb.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin müraciətində qoşqulu, tentli və uzunölçülü yük maşınlarının sahibləri ilə sürücülərinin küləkli şəraitdə hərəkətin çətinlik və təhlükə yarada biləcəyini nəzərə almalarının vacibliyi vurğulanıb. Daşınan yüklərin qablaşdırılmasına xüsusi diqqət yetirilməsi də tövsiyə olunub.
Sürücülərə avtomobilləri sürüşmə və aşma riski olan, eləcə də digər təhlükəli obyektlərdən aralı saxlamaq məsləhət görülüb. Park zamanı qapalı yerlərə üstünlük verilməsi tövsiyələr sırasındadır.
Açıq sahələrdə küləyin qaldırdığı toz görünüşü məhdudlaşdıra bilər. Buna görə sürücülər sürətə və ara məsafəsinə nəzarət etməli, ötmə və manevr zamanı ehtiyatlı davranmalıdırlar.
İdarə piyadalara da hava şəraitini düzgün qiymətləndirməyi, özlərinin və digər yol iştirakçılarının həyat və sağlamlığı üçün təhlükə yarada biləcək davranışlardan uzaq durmağı tövsiyə edib.