QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində “Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi” adlı büdcə təşkilatı yaradılacaq. Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Sənədə əsasən, Mərkəz meşəçilik üzrə təlimlərin təşkilinə və keçirilməsinə, meşə bitkilərinin toxum gen bankının yaradılması və idarə olunmasına, toxum nümunələrinin mühafizəsinə, eləcə də həmin bitkilərin tinglərinin yetişdirilməsinə cavabdeh olacaq.
Nazirlər Kabinetinə iki ay ərzində Mərkəzin işçi sayını və vəzifə maaşlarını təsdiqləmək, bu barədə Prezidentə məlumat vermək, həmçinin təşkilatın maddi-texniki təminatı üçün tədbirlər görmək tapşırılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi də iki ay müddətində Mərkəzin nizamnaməsini və Maliyyə Nazirliyi ilə razılaşdırılmış strukturunu təsdiqləməli, nəticə barədə dövlət başçısına məlumat verməlidir. Mərkəzin fəaliyyəti dövlət büdcəsindən maliyyələşdiriləcək.