QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, memar Elçin Əliyev Tağıyev küçəsində yerləşən ABB-nin Mərkəzi filialının tavanında su sızması izləri gördüyünü bildirib.
Əliyev bu barədə “Facebook” səhifəsində yazıb. Onun sözlərinə görə, binada əsaslı bərpa işləri aparıldığı üçün tikili bir neçə il bağlı qalıb.
Memar qeyd edib ki, keçmiş Rusiya Şimal Bankının binasında genişmiqyaslı işlər 2019-2022-ci illərdə görülüb. Əliyev həmin təmirə 10-15 milyon və ya daha çox vəsait xərclənmiş ola biləcəyini ehtimal edib.
O, tavandan su sızmasını bərpa işlərinin nəticəsi kimi göstərərək binanın damında keyfiyyətli hidroizolyasiyanın təmin edilmədiyini iddia edib. Memar materialların başqa istiqamətə yönəldilə və ya ümumiyyətlə istifadə olunmaya biləcəyini də sual edib.
Əliyev bildirib ki, görülən işlərin təhvil-təslim aktları imzalanıb, lakin tarixi binanın damı növbəti bərpaya qədər gözləməli olacaq.