QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Əmək Məcəlləsinə təklif edilən dəyişiklik minimum 21 təqvim günlük əmək məzuniyyətinin pulla əvəz olunmasının məhdudlaşdırılmasını nəzərdə tutur. İstisna olaraq, əmək münasibətlərinə xitam verilərkən kompensasiya ödənilməsi mümkün olacaq.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında qanun layihəsinin müzakirəsi zamanı danışıb. Onun sözlərinə görə, dəyişikliklər işçilərin istirahət hüququnun faktiki təmin olunmasına və milli qanunvericiliyin beynəlxalq əmək normalarına uyğunlaşdırılmasına yönəlib.
Əliyev bildirib ki, məzuniyyət işçinin yalnız maliyyə təminatı deyil, istirahəti, sağlamlığının qorunması və əmək qabiliyyətinin bərpası üçün vacib hüquqdur. Buna görə də işçinin məzuniyyət hüququna malik olması ilə yanaşı, həmin hüquqdan real istifadə etməsi də təmin edilməlidir. Kompensasiya məzuniyyət zamanı istirahəti əvəz edə bilməz.
Layihə ilə əmək məzuniyyətinin və ya onun bir qisminin başqa vaxta keçirilməsinə əsas verən hallar da dəqiqləşdiriləcək. Bu addım praktikada yaranan qeyri-müəyyənliyi azaltmaq və hüquqi tətbiqdə vahid yanaşում formalaşdırmaq məqsədi daşıyır. Dəyişikliklərin gömrük, vergi və daxili işlər orqanlarında xidmət qaydalarını tənzimləyən qanunvericilik aktlarına da tətbiqi nəzərdə tutulur.