QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Pirşağı-Novxanı-Xırdalan-M-4 avtomobil yolunun inşası davam edir. Layihə 2025-2030-cu illər üçün dövlət proqramı çərçivəsində 20 Yanvar ərazisində nəqliyyat sıxlığını azaltmaq məqsədi daşıyır. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Yeni yol Abşeron yarımadasının şimal-şərqindəki yaşayış məntəqələrinə paytaxt ərazisinə daxil olmadan Bakı-Quba və Bakı-Şamaxı magistrallarına çıxış imkanı yaradacaq.
Layihə üzrə hesablamalara görə, yol istifadəyə verildikdən sonra 20 Yanvar istiqamətindən Bakıya gələn avtomobillərin sayı təxminən 20-30 faiz azalacaq. Həmçinin Sumqayıt, Xırdalan, Biləcəri, Binəqədi və Mehdiabad istiqamətlərində nəqliyyat axınının daha səmərəli bölüşdürülməsi və magistrallardakı yükün yüngülləşməsi gözlənilir.
Təxminən 29 kilometr uzunluğunda olacaq yol altı hərəkət zolağından ibarət layihələndirilib. Burada yeddi yol qovşağı, 11 yol körpüsü, bir kanal körpüsü və iki tunel inşa olunmalıdır.
Agentliyin məlumatına görə, yolun təqribən 13 kilometrlik hissəsində torpaq yatağının hazırlanması, 11,5 kilometrlik sahədə isə yol geyiminin tikintisi başa çatıb.
Körpü, tunel və digər mühəndis qurğularının inşası mərhələlərlə davam edir. Bəzi körpülərdə işlər yekunlaşmağa yaxındır, qalan qurğularda isə tikinti aparılır.
AAYDA qeyd edib ki, layihənin tamamlanması paytaxtın girişində nəqliyyat yükünü azaltmağa, Abşeron yaşayış məntəqələri arasındakı əlaqələri genişləndirməyə və alternativ marşrutlar yaratmağa xidmət edəcək.