QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Azərbaycanın bəzi bölgələrində qar yağıb, temperatur isə kəskin enib. Payızın sonuna təsadüf edən bu dəyişikliklər qışın sərt keçib-keçməyəcəyi, şaxtalı və qarlı günlərin davam edib-etməyəcəyi barədə suallar doğurub. Havanın yenidən istiləşməsi də istisna olunmur.
Meteoroloq Cavid Hüseynov bildirib ki, payızda qarın erkən yağması və havanın soyuması qışın sərt olacağını göstərmir. Onun sözlərinə görə, qısamüddətli soyuqlar yerli sinoptik proseslərlə bağlıdır, bütöv mövsümün xarakterinə isə qlobal okean və atmosfer dövranları təsir edir.
Hüseynov qeyd edib ki, atmosferin yuxarı qatlarında qərbdən şərqə hərəkət edən güclü şırnaq axınları, yəni Jet Stream, və Rossbi dalğaları bəzən cənuba yönəlir. Bu zaman Arktikadan gələn soyuq hava qısa müddətə Cənubi Qafqaza daxil ola bilir. Dalğalar yenidən şimala çəkildikdə temperatur iqlim normasına qayıdır.
Meteoroloq erkən qar yağmasında Azərbaycanın relyefinin də rol oynadığını vurğulayıb. Böyük və Kiçik Qafqaz dağları rütubətli hava kütlələrinin qarşısını alaraq onları yuxarı qalxmağa məcbur edir. Hava soyuduqca kondensasiya sürətlənir və yüksək dağlıq ərazilərdə qar örtüyü yaranır. Bununla belə, bu, ölkə üzrə qışın sərt olacağına dəlalət etmir və müəyyən yüksəkliklərə aid yerli meteoroloji hadisədir.
Cavid Hüseynov havanın yenidən istiləşməsini istilik ətaləti və atmosfer təzyiqindəki dəyişikliklərlə əlaqələndirib. O bildirib ki, Xəzər dənizi payızın sonlarında yayda topladığı istiliyi hələ də saxlayır. Su qurudan gec soyuduğuna görə, soyuq siklon cəbhəsi ərazidən uzaqlaşdıqdan sonra sahil və aran zonalarında temperatur arta bilər.
Bundan başqa, soyuq hava axınının ardınca yüksək təzyiq sahəsi — antisiklon yarana bilər. Belə vəziyyətdə buludlar azalır, günəş radiasiyası yer səthini qızdırır və havanın isinməsi mümkün olur.
Meteoroloqun sözlərinə görə, qışın ümumi sərtliyi noyabrda qeydə alınan yerli hava dəyişikliklərindən deyil, Sakit okeandakı El-Nino və La-Nina fazalarından, eləcə də Şimali Atlantika Ossilyasiyası kimi qlobal iqlim göstəricilərindən asılıdır. Şimali Atlantika Ossilyasiyası İslandiya üzərindəki alçaq və Azor adaları üzərindəki yüksək təzyiq sahələri arasındakı fərqin dəyişməsi ilə formalaşır.