QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Qubada əmisini öldürməyə cəhddə təqsirləndirilən Zilal Seyidməmmədovun kassasiya şikayətinə baxılması yekunlaşıb. Son iclasda qərar açıqlanıb və şikayət təmin edilməyib.

İş materiallarına əsasən, 26 yaşlı Zilal Seyidməmmədov N saylı hərbi hissədə bölük komandiri vəzifəsində xidmət edib. Baş leytenant məzuniyyətdə olarkən Qımıl-Qışlaq kəndindəki evlərində əmisi L.Seyidməmmədovla bir neçə dəfə mübahisə edib. İttihamda münaqişələrin səbəbi kimi əmisinin davranışları göstərilib. Bildirilib ki, zərərçəkmiş tüfeyli həyat sürüb, sərxoş halda evə gələrək həyat yoldaşı və anası ilə kobud rəftar edib. Bu barədə kənddə yayılan xəbərlərin ailənin nüfuzuna zərər vurduğu qeyd olunub.

Əmi ilə qardaşı oğlu arasında son qarşıdurma L.Seyidməmmədovun sərxoş olduğu vaxt yaşanıb. Mübahisə zamanı hərbçi onu öldürmək qərarına gəlib və bir neçə dəfə bıçaqla vurub. Ailə üzvlərinin müdaxiləsi hadisənin daha ağır nəticələnməsinin qarşısını alıb. Ağır vəziyyətdə xəstəxanaya aparılan L.Seyidməmmədovun həyatını xilas etmək mümkün olub.

Məhkəmədə təqsirləndirilən şəxs günahını etiraf edib. O, əmisinin davranışlarından bezdiyini, ailəsinə qarşı kobudluğuna, spirtli içkiyə aludəçiliyinə və digər vərdişlərinə görə onu vurduğunu bildirib. Zərərçəkmiş isə qardaşı oğlundan şikayətçi olmadığını, onunla barışdığını deyərək hakimdən həbs cəzası verməməyi xahiş edib.

Bakı Hərbi Məhkəməsi Z.Seyidməmmədovu 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edib.