QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Ermənistan ərazisinə keçən Azərbaycan hərbçisi Nəsimi Musayevlə bağlı ittiham aktı məhkəmə məlumatları saytında yayımlanıb. Sənəddə onun yerli sakin Ani Avetisyana altı dəfə atəş açaraq qadını yaraladığı bildirilir.
İttiham aktına görə, Musayev sentyabrın 26-da saat 20:00–22:00 arasında “Kalaşnikov” avtomatı, avtomata bərkidilmiş süngü-bıçaq və 140 patronla sərhədi keçib. O, Şəki kəndinə (Zəngəzur) gəlib və boş evə daxil olub. Hərbçinin evdən 19 min dram, smart saat, mobil telefon və bank kartı götürdüyü qeyd edilir.
Oktyabrın 1-də günorta Avetisyanın övladları evə dönüblər. Musayev onları silahla qorxudaraq telefonlarını verməyə məcbur edib və otaqdan çıxmalarına icazə verməyib.
Qızı ilə telefon danışığı zamanı evdəki çağırılmamış şəxs barədə məlumat alan Avetisyan təcili olaraq mənzilə gəlib. İttiham aktında göstərilir ki, qadını görən Musayev onu öldürmək məqsədilə altı atəş açıb, ayağından yaralayıb və daha sonra bir neçə zərbə vurub. Avetisyanın sol əlindən də ağır xəsarət aldığı bildirilir.
Hadisədən sonra Musayev qaçaraq qonşu evlərdən birinin tövləsində gizlənib. O, sonradan həmin yerdə tapılaraq saxlanılıb.
Nəsimi Musayev oktyabrın 1-də saat 14:15-də Ermənistanın təhlükəsizlik orqanları tərəfindən tutulub. Sərhədi naməlum şəraitdə Şəki (Zəngəzur) kəndi istiqamətində keçən hərbçi iki ay müddətinə həbs edilib.