QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, ev təsərrüfatlarının uçotunda şəxslərin məşğulluq vəziyyəti, iqtisadi fəallığı və aldıqları sosial ödənişlər barədə məlumatlar ayrıca qeydə alınacaq.

Bununla bağlı şəxsi hesablarda qeydlərin aparılması qaydalarına dəyişiklik edilib. Yeni tələblərə əsasən, şəxsin işləyib-işləmədiyi, hansı sahədə fəaliyyət göstərdiyi və məşğulluq statusu müəyyənləşdiriləcək.

İqtisadi baxımdan qeyri-fəal şəxslər haqqında da məlumat toplanacaq. Bu qrupa tələbələr, pensiyaçılar, əmlak gəliri olanlar, ev işləri və ailə üzvlərinə qulluqla məşğul olanlar, işləməyə ehtiyac duymayan və ya işləmək istəməyən şəxslər, eləcə də digər şəxslər daxildir.

Şəxslərin aldıqları əmək pensiyası, sosial müavinət, Azərbaycan Respublikası Prezidentinin təqaüdü, ünvanlı dövlət sosial yardımı və başqa sosial ödənişlər ayrıca uçota alınacaq. Beləliklə, qaydalar həm əmək bazarındakı vəziyyət, həm də sosial təminat barədə məlumatların toplanmasını nəzərdə tutur.

Dəyişikliklər 2027-ci il yanvarın 1-dən tətbiq ediləcək.