QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyində 8 Noyabr – Zəfər Günü ilə bağlı təntənəli mərasim təşkil olunub.
Tədbirə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, nazirliyin əməkdaşları və Vətən müharibəsi veteranları qatılıblar. Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra ölkənin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda həyatını itirən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Ardınca Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Çıxışında iştirakçıları bayram münasibətilə təbrik edən Kəmaləddin Heydərov bildirib ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsindəki Qələbə və 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri Azərbaycanın qüdrətini, xalqın birliyini beynəlxalq ictimaiyyətə göstərib.
Nazir ölkənin yaxın tarixindən danışarkən Ümummilli Lider Heydər Əliyevin dövlətçiliyin qorunması və möhkəmləndirilməsi, eləcə də ordu quruculuğu sahəsindəki xidmətlərini xatırladıb. Onun sözlərinə görə, ötən əsrin 80-ci illərinin sonunda Heydər Əliyevin ölkə rəhbərliyində olmadığı dövrü fürsət sayan Ermənistanın millətçi dairələri Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürməyə başlayıblar. Ermənistandan azərbaycanlıların kütləvi deportasiyası, separatçı meyillərin artması, Sumqayıt hadisələri və başqa terror əməlləri ölkəni çətin vəziyyətə salıb.
Həmin vaxt hakimiyyət uğrunda mübarizə və anarxiyanın hökm sürdüyünü, dövlət müstəqilliyinin itirilməsi, qardaş qırğını və parçalanma təhlükəsinin yarandığını deyən Heydərov qeyd edib ki, xalq Heydər Əliyevə üz tutub. 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider qısa müddətdə sabitliyi bərpa edərək ölkəni davamlı inkişaf yoluna çıxarıb. Qarabağ məsələsini dövlət siyasətinin əsas istiqamətlərindən biri müəyyənləşdirən Heydər Əliyev Azərbaycanın beynəlxalq mövqeyinin müdafiəsi, milli birliyin və mübarizə ruhunun gücləndirilməsi, güclü ordunun qurulması üçün mühüm işlər görüb.
Nazir vurğulayıb ki, altıncı ildönümü qeyd edilən Zəfər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik xəttinin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsinin nəticəsidir. O bildirib ki, Silahlı Qüvvələrin möhkəmləndirilməsi və müdafiə imkanlarının artırılması istiqamətində Prezidentin fəaliyyəti Azərbaycanı tarixinin ən qüdrətli mərhələsinə gətirib. İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqın birliyi nəticəsində torpaqlar işğaldan azad edilib, ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa olunub. Heydərov bu qələbəni milli kimliyin, həmrəyliyin, ləyaqətin və gücün ifadəsi, dövlətçilik tarixində əbədi yaşayacaq qürur mənbəyi adlandırıb.
FHN rəhbəri Vətən müharibəsində nazirliyin şəxsi heyətinin də üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdiyini xatırladıb. O, ölkə başçısının tapşırıqları əsasında 44 günlük müharibə zamanı əhalinin və ərazilərin təhlükəsizliyi üçün zəruri tədbirlərin görüldüyünü, cəbhəyanı rayonlarda iş aparıldığını bildirib.
Heydərov işğaldan azad olunan ərazilərdə genişmiqyaslı bərpa və quruculuq fəaliyyətindən də bəhs edib. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın həmin ərazilərə müntəzəm səfərləri, işləri birbaşa nəzarətdə saxlamaları nəticəsində Qarabağ və Şərqi Zəngəzurun sürətlə dirçəldiyini, doğma torpaqlara həyatın qayıtdığını qeyd edib.
Tədbirdə Vətən müharibəsinin iştirakçısı, FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin əməkdaşı Raul Qasımov döyüş yolu barədə danışıb və xatirələrini bölüşüb.
Ehtiyatda olan mayor, qazi Süleyman Heydərov isə tarixi Zəfərin əhəmiyyətinə toxunub, Azərbaycan əsgərinin döyüş ruhu, xalqın həmrəyliyi və qələbə əzmi barədə fikirlərini bölüşüb.