QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, TƏBİB-in tabeliyində olan yeddi tibb müəssisəsində həkim qəbuluna onlayn növbə götürmək mümkündür. Sistemin vətəndaşların tibbi xidmətlərə çıxışını asanlaşdırması və müəssisələrdəki uzun növbələrin qarşısını alması nəzərdə tutulur.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidməti bildirib ki, ilin sonuna qədər bir sıra tibb müəssisələrində rəqəmsal növbə sisteminin tətbiqi planlaşdırılır. Sistemin hansı müəssisələrdə istifadəyə veriləcəyi ehtiyaclara əsasən müəyyənləşdiriləcək.

Qurum mətbuatda sistemin tətbiq ediləcəyi tibb müəssisələri barədə yayılan siyahının doğru olmadığını vurğulayıb. Bununla yanaşı, hazırda TƏBİB-ə tabe olan yeddi müəssisədə onlayn növbə aktivdir.

Vətəndaşlar həmin müəssisələrdə həkim qəbuluna əvvəlcədən internet vasitəsilə yazıla bilərlər. Siyahıya Yeni Klinika, Kliniki Tibbi Mərkəz, Mərkəzi Neftçilər Xəstəxanası, Nizami Tibb Mərkəzi, Xətai Tibb Mərkəzi, Abşeron Rayon Mərkəzi Xəstəxanası və Respublika Endokrinoloji Mərkəz daxildir.