QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, “AzerGold” QSC 8 Noyabr – Zəfər Günü münasibətilə şəhid ailələrinə, müharibə iştirakçılarına və veteranlara, həmçinin sosial dəstəyə ehtiyacı olan aztəminatlı ailələrə bayram sovqatı verib.
Aksiya zamanı yerli icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə Birinci Qarabağ müharibəsi və Vətən müharibəsində həlak olanların ailələrinə, müharibə iştirakçılarına və veteranlara baş çəkilib. Sosial yardıma ehtiyacı olan aztəminatlı ailələr də ziyarət olunanlar arasında olub.
Təşəbbüs “AzerGold”un hasilat və geoloji kəşfiyyat apardığı ərazilərin yaxınlığındakı yaşayış məntəqələrini əhatə edib. Ziyarətlər Daşkəsən rayonunda, Göygöl rayonunun Tülallar və Zurnabad kəndlərində, eləcə də Naxçıvan Muxtar Respublikasının Culfa rayonundakı Xanəgah, Əlincə və Xoşkeşin kəndlərində keçirilib.
Görüşlərdə ailələrə şirkətin bayram təbrikləri çatdırılıb. Ümumilikdə 500 ailəyə müxtəlif ərzaq məhsullarından ibarət sovqat təqdim edilib.
“AzerGold” fəaliyyət göstərdiyi bölgələrdə sakinlərin sosial rifahını yaxşılaşdırmaq və həssas qruplara yardım etmək məqsədilə mütəmadi təşəbbüslər həyata keçirir. Şirkətin məlumatına görə, cari ildə bayramlar və əlamətdar günlər çərçivəsində 1 390-dan çox ailəyə sosial dəstək verilib.