QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, Gürcüstanın Gəlirlər Xidməti ölkədən avtomobillərin təkrar ixracı üçün 450 lari (təxminən 295 AZN) rüsum tətbiq edib.
Qərar noyabrın 16-dan qüvvəyə minib. İndiyədək gömrük rəsmiləşdirilməsi ilə bağlı ödəniş Daxili İşlər Nazirliyinin Xidmət Agentliyində alınır və təxminən 600 lari (təqribən 394 AZN) təşkil edirdi. Yeni qaydaya əsasən, həmin məbləğə əlavə olaraq 450 lari də ödənilməlidir.
Gürcüstandan avtomobillərin təkrar ixracında azalma qeydə alınır. 2026-cı ilin ilk doqquz ayında ümumi dəyəri 1,5 milyard dollar olan 63 141 avtomobil təkrar ixrac məqsədilə xarici ölkələrə göndərilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə ixracın dəyəri 475 milyon dollar, yaxud 24 faiz aşağı düşüb. Azalma əsas satış bazarları sayılan Qırğızıstan, Qazaxıstan, Azərbaycan və Tacikistana avtomobil göndərişlərinin azalması ilə əlaqələndirilir.