QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Azərbaycanda sənədsiz mənzil və fərdi evlərin alqı-satqısı daşınmaz əmlak bazarının aktual problemlərindəndir. Nisbətən aşağı qiymət və satıcıların vədləri bəzi alıcıları bu cür əmlaka yönəltsə də, evin hüquqi vəziyyəti və mülkiyyətin rəsmiləşdirilməsi imkanları hər zaman nəzərə alınmır.
Əmlak eksperti Fərid Cəfərov bildirib ki, sənədsiz ev ilk baxışdan sərfəli görünə bilər, lakin alıcı üçün ciddi hüquqi və maliyyə çətinlikləri yarada bilər. Əsas risk ev faktiki olaraq alındıqdan sonra əmlak üzərində hüquqların qanuni qaydada rəsmiləşdirilməsinin mümkün olmamasıdır. Dövlət qeydiyyatı olmadıqda alıcının hüquqi müdafiəsi də çətinləşir.
Cəfərovun sözlərinə görə, risklərə həmçinin eyni evin bir neçə nəfərə satılması, satıcının satış səlahiyyətinin olmaması, tikilinin qanunsuz inşa edilməsi və torpağın təyinatının tikintiyə uyğun gəlməməsi daxildir. Belə evlərin sökülməsi ehtimalı da mövcuddur.
Ekspert qeyd edib ki, sənədsiz əmlakın satışı, bağışlanması, vərəsəlik yolu ilə başqasına verilməsi və girov qoyulması hüquqi maneələrlə üzləşə bilər. Mübahisə yarandıqda ödənilən pulun geri alınması uzunmüddətli məhkəmə prosesinə çevrilə bilər.
O, evdən faktiki istifadəni mülkiyyət hüququ ilə eyniləşdirməyin yanlış olduğunu vurğulayıb. Mənzildə yaşamaq, kommunal xidmətlərdən yararlanmaq və uzun müddət həmin ünvanda qeydiyyatda olmaq mülkiyyət hüququnu təsdiqləmir.
Cəfərov alıcılara daşınmaz əmlakın qiyməti və fiziki vəziyyəti ilə yanaşı, hüquqi statusunu, torpaq sənədlərini və dövlət qeydiyyatını da yoxlamağı tövsiyə edib. Onun fikrincə, əsas təminat şifahi vədlər deyil, qanunla tanınan və rəsmiləşdirilmiş mülkiyyət hüququdur.