QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, müəyyən hüquqi əsaslar təsdiqləndikdə uşağın anadan alınaraq atanın himayəsinə verilməsi, eləcə də anadan aliment tutulması mümkündür.
Hüquqşünas Tağı Hüseynov bildirib ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 64-cü maddəsində valideynlik hüquqlarının məhdudlaşdırılması deyil, həmin hüquqlardan məhrumetmə üçün əsaslar göstərilib. Bu halların mövcudluğu təsdiqini taparsa, uşağın ataya verilməsi barədə məhkəmə qərarı qəbul edilə bilər.
Hüseynovun qeyd etdiyi əsaslar arasında valideynin xroniki narkomaniya və ya alkoqolizmdən əziyyət çəkməsi, uşağa qarşı zorakılıq etməsi, valideynlik hüquqlarından sui-istifadə göstərməsi və öz vəzifələrini yerinə yetirməməsi var. Üzrlü səbəb olmadan uşağı doğum evindən götürməkdən imtina etmək və alimenti qəsdən ödəməmək də hüquqlardan məhrumetməyə səbəb ola bilər.
Hüquqşünasın sözlərinə görə, bu halların məhkəmədə sübuta yetirilməsi bəzən çətin olur. Belə işlərdə uşağın yaşı və fikrinin nəzərə alınması da vacib məqamdır.
O bildirib ki, uşaq yeddi yaşına çatdıqdan sonra onun hansı valideynlə yaşamaq istədiyinin müəyyənləşdirilməsi məsələsi daha çox gündəmə gəlir. Bununla belə, qanunda sadalanan əsaslar sübutlarla təsdiq olunarsa, uşağın atanın yanında qalmasına qərar verilə bilər.
Uşaq ataya verildikdə, ananın da onun saxlanması üçün aliment ödəmək öhdəliyi yarana bilər. Tağı Hüseynovun bildirdiyinə görə, ata məhkəməyə müraciət edərək anadan aliment tutulmasını tələb edə bilər.
“Valideynlərin hüquq və vəzifələri bərabərdir. Kişilərə şamil olunan hüquqi vəzifələr qadınlara da aiddir. Necə ki, ata uşağın saxlanılması üçün aliment ödəməlidir, eyni qaydada uşaq ananın deyil, atanın himayəsində olduqda ana da aliment ödəməlidir”, – deyə Hüseynov bildirib.