QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Azərbaycanda bəzi şəxslər arzularının gerçəkləşməsi və savab qazanmaq niyyəti ilə ərzaq məhsullarını məscidlərə gətirib nəzir qoyurlar. Uzun müddətdir davam edən bu adətə münasibət birmənalı deyil: bir qisim bunu xeyirxahlıq sayır, digərləri isə məscidlərin ərzaq saxlama yeri kimi istifadə olunmasını doğru hesab etmir.

İlahiyyatçı Əkrəm Həsənov mövzuya münasibət bildirərkən deyib ki, məsələyə yanaşmaq üçün məscidlərin məqsədini və İslamda nəzirin nə demək olduğunu nəzərə almaq lazımdır. Onun sözlərinə görə, bu məkanlar əsasən namaz qılmaq, ibadət etmək, Quran oxumaq, Allahı zikr etmək və dini biliklər əldə etmək üçündür.

Həsənov Qurani-Kərimin əl-Cinn surəsinin 18-ci ayəsində “Şübhəsiz ki, məscidlər Allahındır. Allahla yanaşı heç kəsə dua etməyin!” buyurulduğunu xatırladıb. O bildirib ki, İslam ehtiyacı olanlara kömək göstərilməsini, yoxsulların yedizdirilməsini və sədəqəni təşviq edir, lakin xeyirxah niyyətin hansı üsulla həyata keçirilməsi də əhəmiyyət daşıyır.

İlahiyyatçının izahına görə, nəzir insanın Allah qarşısında üzərinə götürdüyü öhdəlikdir və insan bir arzusunun gerçəkləşməsi ilə bağlı ibadət və ya xeyir iş görməyi nəzir edə bilər. Bununla belə, nəzir taleyi dəyişdirən vasitə kimi qəbul edilməməlidir.

“Peyğəmbərimiz (s.ə.s) nəzir etməyi ümumən təşviq etməyib. Hədislərdə bildirilir ki, nəzir insanın taleyində olmayan bir şeyi dəyişdirmir. İnsan Allahla sanki alış-veriş edirmiş kimi davranmamalıdır. Xeyirxah əməllər yalnız çətinliyə düşəndə və ya hansısa arzu həyata keçəndə deyil, hər zaman edilməlidir. Əgər insan Allaha itaət məqsədilə nəzir edibsə, götürdüyü öhdəliyi yerinə yetirməlidir”, – deyə Həsənov bildirib.

O vurğulayıb ki, ərzağı məscidə qoymaq hər vəziyyətdə nəzir öhdəliyinin icra olunması anlamına gəlmir. Məqsəd yoxsul və imkansız ailələrə dəstək verməkdirsə, məhsulları birbaşa həmin insanlara çatdırmaq daha münasibdir. Həsənovun fikrincə, nəzirin mahiyyəti ərzağı müəyyən məkanda saxlamaq yox, Allah qarşısında götürülən öhdəliyi şəriət qaydalarına uyğun yerinə yetirməkdir.

Əkrəm Həsənov qeyd edib ki, İslam hüququnda məsciddə yemək verilməsi üçün müəyyən şərtlər var. Hənəfi, Maliki, Şafii və Hənbəli fiqh ənənələrində məscidin təmizliyinin qorunması, ibadət edənlərə maneə yaradılmaması və məkanın təyinatına uyğun istifadəsi əsas prinsiplərdəndir.

İlahiyyatçı bildirib ki, alimlər məsciddə yemək yeyilməsinə və ehtiyacı olanlara ərzaq verilməsinə müəyyən şərtlər daxilində icazə veriblər. Ramazan ayında təşkil olunan iftar süfrəsi ilə məhsulların məsciddə daimi saxlanılması isə eyni hal deyil. Birincisi xeyriyyə və ibadət mühitinə uyğun tədbir sayıla bilər, ikincisi isə məscidin əsas funksiyasından uzaqlaşmasına gətirib çıxara bilər.

Həsənovun sözlərinə görə, məsciddə ərzaq yardımı təşkil etmək bütövlükdə qadağan deyil, amma bunun qaydalara əsaslanması vacibdir. Xüsusi xeyriyyə tədbiri, Ramazan iftarı və ya ehtiyac sahiblərinə ərzaq paylanması məscid rəhbərliyinin razılığı ilə, təmizlik tələblərinə əməl olunmaqla keçirilə bilər. Məhsulları nəzir adı ilə məscidə gətirib saxlamaq və bunu dini adət kimi təqdim etmək isə düzgün yanaşma deyil.

İlahiyyatçı əsas problemin xeyirxah niyyətdə deyil, onun həyata keçirilmə üsulunda olduğunu vurğulayıb. O bildirib ki, ərzaq məsciddə saxlanıldığı vaxt yaxınlıqda yaşayan ehtiyaclı ailə həmin yardıma möhtac ola bilər. Buna görə məhsulu birbaşa ehtiyac sahibinin ünvanına çatdırmaq daha məqsədəuyğun və İslamın yardımlaşma prinsipinə uyğundur.

Həsənovun fikrincə, xeyirxahlığın dəyəri ərzağın hansısa binaya gətirilməsi ilə deyil, yardımın kimə çatması və hansı niyyətlə edilməsi ilə ölçülür. Məscidlərin təmizliyini, müqəddəsliyini və ibadət üçün nəzərdə tutulmuş funksiyasını qorumaq müsəlmanların məsuliyyətidir. Nəzir məqsədilə ərzaq paylamaq istəyənlər məhsulları məsciddə saxlamaq əvəzinə ehtiyacı olanlara birbaşa verməyə üstünlük verməlidirlər.