QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Azərbaycanda qanunvericilik müxtəlif sosial kateqoriyalardan olan şəxslərə müəyyən hadisələr və xüsusi xidmətlərə görə birdəfəlik müavinət və ödənişlərin verilməsini nəzərdə tutur. Vəsaitlər dövlət büdcəsindən və ya müvafiq fondlardan ayrılır.
Uşağın doğulması ilə əlaqədar valideynlərdən birinə 600 manat müavinət ödənilir. Ödəniş doğumun aidiyyəti qurumlarda qeydiyyata alınmasından sonra proaktiv qaydada həyata keçirilir.
Məşğul şəxslər, işsizlər, əmək pensiyaçıları və sosial müavinət alanlar vəfat etdikdə dəfn xərclərini qarşılayan şəxs birdəfəlik müavinət ala bilər. Məbləğ vəfat edənin statusuna görə müəyyənləşir: əmək pensiyaçısının dəfni üçün minimum pensiyanın üç misli, məşğul və ya sosial müavinət alan digər şəxslərin dəfni üçün isə 500 manat verilir. Ödəniş elektron sistem vasitəsilə həyata keçirilir.
Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edənlərə, eləcə də qəza səbəbindən əlilliyi müəyyən olunmuş şəxslərə müalicə xərcləri üçün hər il 300 manat ayrılır. Müavinət şəxsin əmək qabiliyyətini itirmə dərəcəsi və statusu nəzərə alınmaqla verilir.
İstehsalat qəzası və ya peşə xəstəliyi işçinin sağlamlığına zərər vurduqda, yaxud onun ölümünə səbəb olduqda birdəfəlik ödəniş nəzərdə tutulur. Sağlamlığa dəyən ziyana görə məbləğ əlillik faizi və orta aylıq əməkhaqqı əsasında hesablanır. İşçi vəfat edərsə, onun himayəsində olan ailə üzvlərinə mərhumun illik qazancının müvafiq mislləri həcmində vəsait ödənilir.
Hərbi xidmət vəzifələrini yerinə yetirərkən şəhid olan və ya həlak olan hərbi qulluqçuların varislərinə dövlət icbari sığortası üzrə 11 000 manat verilir. Əlillik müəyyənləşdirildiyi halda sığorta ödənişi dərəcəyə əsasən dəyişir: I dərəcə üçün 8 800, II dərəcə üçün 6 600, III dərəcə üçün 4 400 manat. Xidmət zamanı xəsarət alanlara isə zədənin ağırlığından asılı olaraq 550–2 750 manat ödənilir.
Təbii fəlakət, yanğın, subasma və ya hərbi əməliyyat nəticəsində mülki şəxslərin əmlakına və sağlamlığına zərər dəydikdə dövlət dəstəyi göstərilir. Nazirlər Kabinetinin xüsusi qərarları və qiymətləndirmə komissiyalarının rəyi əsasında yardımın və ya kompensasiyanın məbləği vurulmuş zərərə uyğun fərdi qaydada müəyyən edilir.
Cəzaçəkmə müəssisəsindən azad olunan və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə cəmiyyətə qayıdış və ilkin maddi ehtiyaclar üçün birdəfəlik yardım ayrılır. Ödənişin həcmi ölkə üzrə minimum əməkhaqqının dörd mislinə bərabər hesablanır.