QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Lerikdə şair-publisist Qəhrəman Məhərrəm oğlu Əliyev 82 yaşında vəfat edib.

1945-ci il fevralın 1-də Lerik şəhərində doğulan Əliyev 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsini bitirib. Əmək fəaliyyətinə müəllim kimi başlayıb, sonralar jurnalistika sahəsində işləyib.

O, müxtəlif illərdə Rayon Partiya Komitəsinin ikinci katibi, Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri və Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini olub. 1996–2003-cü illərdə Lerik Rayon Təhsil Şöbəsinə rəhbərlik edib, həmçinin rayonun mədəniyyət sahəsində rəhbər vəzifə tutub.

Ədəbi yaradıcılıqla məşğul olan Qəhrəman Əliyevin “Könlüm vurulub Lerikdə...”, “Gəl dağlarla görüşə”, “Gəlimli-gedimli dünya”, “Ürəyimin dünya dərdi” və başqa kitabları nəşr olunub. O, 200-dən artıq elmi-publisistik məqalənin müəllifidir.

Əliyev Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü olub.