QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportu ilə “YAŞAT” Fondu 8 Noyabr – Zəfər Günü münasibətilə şəhid övladları üçün birgə tədbir keçirib.

Aeroportun Terminal 1-dəki əyləncə məkanında 16 şəhid övladı iştirak edib. Onlar üçün müxtəlif oyunlar, yarışlar və əyləncəli məşğələləri əhatə edən proqram hazırlanıb.

Uşaqlar animatorların keçirdiyi oyunlara qoşulub, sehrbazın çıxışına baxıb, həmçinin stolüstü oyunlar oynayıblar. Tədbirin proqramı onların birlikdə vaxt keçirməsinə və xoş xatirələr qazanmasına imkan yaradıb.

Təşəbbüs Vətən uğrunda həlak olanların xatirəsinə ehtiramın, eləcə də onların övladlarına göstərilən diqqət və qayğının ifadəsi kimi təşkil edilib.