QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, eləcə də yun və barama istehsalı barədə göstəricilər ayrıca uçota alınacaq.

Yeni qaydalarla əvvəlki il ərzində kəsilmək üçün satılan və ya təsərrüfatda kəsilən heyvan və quşların kəsimdən öncəki ümumi diri çəkisi müəyyənləşdiriləcək. Məlumatlar inək və camışlar, qoyun və keçilər, donuzlar, həmçinin quşlar üzrə ayrı-ayrılıqda təsnif ediləcək.

Hesabatda əvvəlki il ərzində qoyunlardan qırxılan yunun və təsərrüfatda istehsal edilən baramanın ümumi çəkisi də kiloqramla göstəriləcək.

Uçot faktiki istehsal məlumatlarına əsaslanacaq. Ümumi göstəricilər onların tərkib hissələri ilə uzlaşmalı, eyni məhsul və ya göstərici ikinci dəfə hesablanmamalıdır.

Qaydalar məlumatı dəqiq müəyyənləşdirmək mümkün olmayan hallarda uçot sənədlərinə əsassız rəqəmlərin yazılmasını qadağan edir. Bu tələblər 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.