QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev BMT İdarəetmə İnnovasiyaları Sammitinin iştirakçılarına müraciət ünvanlayıb. Müraciət Bakıda keçirilən beynəlxalq tədbirə aiddir.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev müraciətin mətnini sammit iştirakçılarına çatdırıb.

İlham Əliyev tədbir iştirakçılarını salamlayaraq onları Azərbaycana xoş gəldiklərini bildirib. Müraciətdə dövlət xidmətlərinin əlçatanlığı, şəffaflıq və rəqəmsallaşma dayanıqlı inkişafın vacib şərtləri kimi qeyd olunub.

Məktubda vurğulanıb ki, dövlət idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində aparılan ardıcıl islahatlar nəticəsində 2012-ci ildə xidmətlərin keyfiyyətli, innovativ və inteqrasiya olunmuş şəkildə göstərilməsi üçün “ASAN xidmət” yaradılıb. Bu qurumun dövlətlə vətəndaş arasında münasibətləri yeni mərhələyə daşıdığı, həm milli idarəçilik təcrübəsi, həm də beynəlxalq maraq doğuran Azərbaycan brendi olduğu bildirilib.

Müraciətdə qeyd edilib ki, “ASAN xidmət” təcrübəsi 50-dən çox ölkə ilə bölüşülüb və müxtəlif ölkələrdə uğurla tətbiq olunub. Bu təcrübə dövlət xidmətlərinin təşkili üçün səmərəli institusional model kimi təqdim edilib.

“ASAN xidmət”in Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun fəaliyyətinin BMT tərəfindən yüksək qiymətləndirildiyi də diqqətə çatdırılıb. Qurum 2015-ci ildə BMT-nin “Dövlət Xidmətləri Mükafatı”na, 2019-cu ildə isə “Rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində Xüsusi Mükafat”a layiq görülüb.

Prezidentin müraciətinə əsasən, BMT ilə əməkdaşlıq Azərbaycan təcrübəsinin daha geniş coğrafiyada yayılmasına şərait yaradır. 2024-cü ildə Azərbaycanla BMT arasında imzalanmış Töhfə Sazişi “ASAN xidmət” modelinin dörd qitədə təşviqini nəzərdə tutur.

İlham Əliyev Azərbaycanın bundan sonra da dayanıqlı inkişaf məqsədlərinin təşviqini dəstəkləyəcəyini və keyfiyyətli dövlət xidmətləri üzrə beynəlxalq fəaliyyətə töhfə verəcəyini bildirib. O, sammitin yeni ideya və yanaşmaların təşviqinə, eləcə də konkret təşəbbüslərin irəli sürülməsinə xidmət edəcəyinə əminliyini ifadə edib, iştirakçılara səmərəli müzakirələr, tədbirin işinə isə uğurlar arzulayıb.