QafqazNews Kommersant-a istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bağai ABŞ-ın Tehranı kimyəvi və ya bioloji silah hazırlamaqda ittiham etməsini 2003-cü ildə İraqla bağlı səslənən ittihamlarla müqayisə edib.
Bağai X sosial şəbəkəsində yazıb ki, ittihamlar daim dəyişir, lakin onların əsas hekayəsi qorxunc dərəcədə tanışdır və görünür ki, dünya yenidən kollektiv amneziya yaşamalıdır.
O, o vaxtkı ABŞ dövlət katibi Kolin Pauellin 2003-cü ilin fevralında BMT Təhlükəsizlik Şurasındakı çıxışını xatırladıb. Həmin çıxış ABŞ administrasiyasının Saddam Hüseyn rejiminin kütləvi qırğın silahları saxladığı və onların hazırlanması proqramlarına malik olduğu iddiasını əsaslandırmaq məqsədi daşıyırdı. Mart ayında ABŞ və Britaniyanın rəhbərlik etdiyi koalisiya İraq əleyhinə hərbi əməliyyatlara başlayıb. Əməliyyatdan sonra aparılan ekspertizalar ölkədə işlək istehsal güclərinin və ya gizli kütləvi qırğın silahları anbarlarının olmadığı nəticəsinə gəlib.
"Və indi biz eyni saxta ssenari üzrə yazıldığı görünən yeni qaranlıq ittihamlar və ritorika ilə üzləşirik", — əlavə edib Bağai.
CNN-in məlumatına görə, ABŞ kəşfiyyatı İranın Yaxın Şərqdə ABŞ hərbiçilərinə qarşı kimyəvi silah tətbiq etmək ehtimalı barədə məlumatlara malikdir. The New York Times isə yazıb ki, İranın belə silahdan istifadəsinin nəzərdən keçirilməsi barədə məlumatı İsrail kəşfiyyatı ABŞ-a təqdim edib.