QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatının Vəkillər Kollegiyası Ağ Evin keçmiş mətbuat katibi Keti Zaxariya ilə bağlı araşdırmaya başlayıb. Yoxlama onun vəkillik lisenziyası olmadığı halda özünü hüquqşünas kimi təqdim etməsi barədə şübhələrlə əlaqədardır.

Bu barədə qeyri-kommersiya təşkilatı “Campaign for Accountability” (CfA) məlumat yayıb. Təşkilatın açıqlamasına əsasən, Kollegiya araşdırmanın başladığını rəsmi məktubla onlara bildirib. Proses oktyabrın 14-də verilmiş şikayətə söykənir. Şikayətdə Zaxariyanın ictimai çıxışlarda dəfələrlə özünü vəkil kimi təqdim etməklə Kaliforniya qanunlarını pozmuş ola biləcəyi iddia olunur.

Keti Zaxariya oktyabrın 9-da yeni işə keçdiyi üçün Ağ Evin mətbuat katibi postundan ayrılıb. O, bu vəzifədə cəmi beş gün çalışıb.

Vəzifədən qısa müddətdə getməsi onun hüquq təhsili və peşəkar fəaliyyəti ətrafında yaranmış qalmaqalla bağlı olub. ABŞ Prezidenti Donald Tramp Zaxariyanı ictimaiyyətə hüquqşünas kimi təqdim etsə də, sonradan onun vəkillik lisenziyasının olmadığı məlum olub. O, lisenziya almaq üçün tələb olunan imtahandan keçə bilməyib.