QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Vergi Məcəlləsinə təklif olunan dəyişiklik fiziki şəxslərə kirayə gəlirlərindən fəaliyyət xərclərini çıxmaqla vergi hesablayıb ödəmək imkanı yaradır. Bunun üçün onlar vergi uçotuna alınmalı, vergi orqanına və kirayəçiyə müvafiq məlumat təqdim etməlidirlər.
Layihəyə görə, kirayə haqqını vergi uçotunda olmayan fiziki şəxs ödəyərsə, vergini ev sahibi və ya onun təyin etdiyi vergi agenti ödəyəcək. Yaşayış sahəsinin kirayəsinə 10 faiz, digər əmlakın kirayəsinə isə 14 faiz vergi dərəcəsi tətbiq olunacaq. Kirayəyə verən Vergi Məcəlləsinin 33-cü və 149-cu maddələrinə uyğun vergi uçotuna alınaraq bəyannamə təqdim etməlidir.
Fiziki şəxs həmin qaydada uçota düşüb bəyannamə verməklə kirayə gəlirlərindən bu fəaliyyətlə bağlı xərcləri çıxa və Məcəllənin 101.3-cü maddəsində müəyyən edilmiş dərəcə ilə vergi ödəyə bilər. Bu hüquqdan yararlanmaq istəyən şəxs vergi orqanına və kirayəçiyə səlahiyyətli qurumun müəyyən etdiyi formada məlumat verməlidir.
Məlumat vergi orqanına təqdim edildikdən sonrakı aydan etibarən həmin şəxsin kirayə gəlirindən ödəmə mənbəyində vergi tutulmayacaq.
İllik gəlir vergisi hesablanarkən təqvim ilinin əvvəlindən əldə olunan gəlirlər və çəkilən xərclər nəzərə alınacaq. Hesablanmış məbləğ həmin il ərzində ödəmə mənbəyində tutulmuş vergilər qədər azaldılacaq.
Əgər tutulmuş verginin hamısı həmin il nəzərə alınmasa, istifadə olunmamış hissə məhdudiyyət olmadan növbəti illərin vergi öhdəliklərini azaltmağa yönəldiləcək.