QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Braziliyanın Santa-Katarina ştatındakı Şapeko şəhərində baş verən güclü qasırğa Serafim Enoss Bertaso Hava Limanına ciddi ziyan vurub. Terminalın şüşə fasadının bir hissəsi dağılıb, anqarların dam örtükləri isə uçub. Bütün uçuşlar qeyri-müəyyən müddətə dayandırılıb.
Dünən baş verən fırtına zamanı küləyin sürəti saatda 126 kilometrə çatıb. Leysan və güclü külək şəhərdə çoxsaylı tikililərə zərər yetirib.
Hava limanının rəhbərliyi sərnişinlərə uçuşlarla bağlı aktual məlumat almaq üçün aviaşirkətlərlə əlaqə saxlamağı tövsiyə edib.
Sosial şəbəkələrdə yayılan görüntülərdə əyilmiş metal konstruksiyalar, dağılmış damlar, sınmış şüşələr və ətrafa səpələnmiş tikinti qalıqları görünür.
Fırtına Santa-Katarina ştatının geniş ərazisinə təsir edib. Ən azı 18 bələdiyyədə binalar zərər görüb, müxtəlif tikililər dağılıb və elektrik təchizatında fasilələr yaranıb.