QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Perunun paytaxtı Limada Papa XIV Leonun iştirakı ilə keçirilən tədbir zamanı ona tərəf atılan təsbehlərdən biri üzünün sol tərəfinə dəyib. Hadisə noyabrın 16-da, pontifikin 12 günlük Cənubi Amerika səfərinin sonuncu günündə baş verib.

71 yaşlı Papa vida mərasimindən az əvvəl papamobillə əsas mehraba gedərkən izdihamdan ona bir neçə təsbeh atılıb. O, bəzilərini tuta bilməyib və əşyalardan biri gicgahı ilə gözünün ətrafına dəyib.

Yayılan görüntülərdə zərbədən sonra XIV Leonun başını aşağı saldığı, ağrı ifadəsi ilə üzünü turşutduğu və gözünü əli ilə ovuşdurduğu görünür.

Hadisənin qəsdən törədilmədiyi bildirilir. Dindarlar dini əşyaların xeyir-dua alacağı ümidi ilə onları tez-tez Papaya tərəf atırlar.

XIV Leo Uruqvay, Argentina və Peruya səfəri zamanı izdihamın atdığı əşyaları havada tutmasına görə dəfələrlə alqışlanmışdı. Bu dəfə isə sıxlıq səbəbindən təsbehin zərbəsindən yayına bilməyib.

Təsbeh onun göz bəbəyinə xəsarət yetirməyib və tibbi müdaxiləyə ehtiyac yaranmayıb. Papa gülümsəyərək insanları salamlamağı davam etdirib, təxminən 1,5 milyon nəfərin qatıldığı ayini də nəzərdə tutulduğu qaydada idarə edib.

XIV Leo 12 günlük səfərinə oktyabrın 13-də Romada keçirdiyi ağciyər xərçəngi əməliyyatından bir ay sonra başlayıb. Vatikan mühafizəçiləri kütləvi tədbirlərdə papamobilə təsbeh, yumşaq oyuncaq və idman forması atılmasını pontifikin fiziki təhlükəsizliyi üçün əsas risklərdən sayırlar.

Çikaqoda doğulan, ABŞ və Peru vətəndaşlığı daşıyan Papa təxminən 20 il Peruda missioner, eləcə də Çiklayo yepiskopu kimi fəaliyyət göstərib. Ayin zamanı perululara minnətdarlığını bildirərək “Peru xalqı həm də mənim xalqımdır” deyib. Mərasim başa çatdıqdan sonra Kallao aviabazasından Romaya yola düşüb.